Fevralın 6-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Xarici İşlər nazirlərinin növbədənkənar iclası keçirilir.

İclası açan Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov gündəliyin zəngin olduğunu bildirib.

Tədbirdə bir sıra məsələlər, o cümlədən təşkilata üzv olmayan ölkələrlə əməkdaşlıq müzakirə olunacaq.

İclasın yekunları ilə bağlı mətbuat konfransı keçiriləcək.

***

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Xarici İşlər nazirlərinin növbədənkənar iclası keçirilib.

İclasda ölkəmizlə yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan XİN başçıları iştirak edib.

Toplantıda Azərbaycanın Şuraya sədrliyi dövründə prioritet istiqamətlər, gündəlikdə duran məsələlər müzakirə edilib.

İclasda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. Toplantı çərçivəsində jurnalistlərin suallarını cavablandıran Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Prezident İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif edilməsinin onun üçün şərəf olduğunu bildirib.

Qazaxıstanın Xarici İşlər naziri Muxtar Tleuberdi isə deyib ki, hazırda ölkələrimiz arasında münasibətlər yüksək səviyyəli və qarşılıqlı faydalı əməkdaşlıqla xarakterizə olunur.

İclasdan sonra keçirilən mətbuat konfransında Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov Türk Şurası Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasında müzakirə edilən məsələlərin əhəmiyyətindən danışıb.

Türk Şurasının baş katibi Bağdad Amreyev qeyd edib ki, Türk Şurası daxilində maliyyə institutunun yaradılmasına ehtiyac var. Vurğulayıb ki, Türk Şurası İnvestisiya Fondunun yaradılması istiqamətində iş aparılır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası çərçivəsində Xarici İşlər nazirləri arasında bir sıra görüşlər də keçirilib. Nazirlər ikitərəfli əməkdaşlığa dair müxtəlif məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

Səidə Şəfiyeva